Qədim Şəki növbəti dəfə möhtəşəm musiqi bayramına ev sahibliyi edir
İyulun 3-də Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə növbəti musiqi bayramı – Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalı başlayıb. Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşan festivalda Türkiyə, Çin, Özbəkistan və Qazaxıstandan gəlmiş rəqs və musiqi qrupları, ifaçılar, həmçinin Azərbaycanın tanınmış teatr və musiqi kollektivləri iştirak edirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festivalın təntənəli açılış mərasimi “Marxal” kompleksinin Yay Teatrında keçirilib.
Mərasimdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ənənəvi olaraq hər il keçirilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının şəhərin mədəni həyatında böyük bir hadisə olduğunu diqqətə çatdırıb. Şəkinin çox zəngin tarixi və mədəniyyəti olduğunu vurğulayan şəhər icra hakimiyyətinin başçısı deyib: “Şəki nəinki Azərbaycanda, dünya miqyasında gözəlliyi ilə seçilən şəhərlərdəndir. Şəki şəhəri 2010-cu ildə “Azərbaycanın Sənətkarlıq Paytaxtı” seçilib, 2012-ci ildə “Türk dünyasının qeyri-maddi mədəni irs paytaxtı”, 2016-cı ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub, 2017-ci ildə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilib. 2019-cu ildə ölkəmizin və şəhərimizin həyatında çox əlamətdar hadisə baş verib - Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib”.
Qeyd olunub ki, Şəki Azərbaycanda “Festivallar şəhəri” kimi tanınır. Hər il bu şəhərdə keçirilən “İpək Yolu“ Beynəlxalq Musiqi, şirniyyat və teatr festivalları şəhərin qeyri-maddi irsinin qorunub saxlanmasına imkan yaradıb, eyni zamanda, turizm potensialının genişləndirilməsi və beynəlxalq səviyyədə tanıdılmasında mühüm rol oynayıb.
Ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, xalqımıza xas zəngin mədəniyyətin təbliğ olunmasına daim yüksək diqqət və qayğı göstərildiyini bildirən Elxan Usubov Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahədə gördüyü işlərin əhəmiyyətini xüsusi vurğulayıb.
Festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək möhtəşəm musiqi bayramı kimi gözəl bir ənənəyə çevrilən və artıq on ikinci dəfədir keçirilən Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının bu dəfə də şəkililərə və qonaqlara unudulmaz anlar yaşadacağını bildirib.
Rəsmi hissədən sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı solistlərinin ifasında Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin vətənpərvərlik mövzusunda “İntizar” operası nümayiş olunub. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, baş dirijoru və musiqi rəhbəri Əməkdar artist Əyyub Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır. Operada rolları Xalq artisti Əkrəm Poladov (Seyid kişi), Əməkdar artistlər İnarə Babayeva (Mələk), Ramil Qasımov (Arif), Səbinə Vahabzadə (Əsli), Taleh Yahyayev (Yad adam) və başqaları ifa ediblər.
Xalq artisti, UNESCO-nun “Sülh artisti”, professor Firəngiz Əlizadənin “İntizar” operası bəstəkarın yaradıcılığında zirvə əsərlərindən biridir. Dahi musiqiçi, həmvətənimiz Mstislav Rostropoviçin təşəbbüsü ilə Firəngiz xanım və operanın libretto müəllifi, akademik Nərgiz Paşayeva tərəfindən yazılan bu səhnə əsəri yarandığı gündən Azərbaycanın musiqi həyatında böyük hadisəyə çevrilib.
“İntizar” operasında Azərbaycanın yaxın tarixi keçmişində baş vermiş faciəvi hadisələr fonunda Xeyirlə Şərin əbədi qarşıdurması ümumbəşəri mövzu kontekstində cərəyan edir.
Tamaşaçılar tərəfindən alqışlarla qarşılanan operanın sonunda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadəyə və Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyevə festivalın simvolunu təqdim edib.
Azərbaycanın TÜRKSOY təşkilatındakı nümayəndəsi Elçin Qafarlı çıxış edərək Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalının işinə uğurlar arzulayıb. TÜRKSOY-un yaranmasının 30 illiyi münasibətilə festivalın təşkilatçı qurumlarının rəhbərlərinə hədiyyələr, teatrın solistlərinə isə sertifikatlar təqdim olunub.
Festival çərçivəsində iyulun 4-də axşam saatlarında Şəki Xan Sarayının qarşısında “Zəfər” muğam qrupunun konserti olacaq.
20:43
İyulun 3-də Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə növbəti musiqi bayramı – Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalı başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşan festivalda Türkiyə, Çin, Özbəkistan və Qazaxıstandan gəlmiş rəqs və musiqi qrupları, ifaçılar, həmçinin Azərbaycanın teatr və musiqi kollektivləri iştirak edirlər.
Bu dəqiqələrdə “Marxal” kompleksinin Yay Teatrında təşkilatçı qurumların rəsmilərinin, şəhər ictimaiyyətinin nümayəndələrinin və musiqisevərlərin iştirakı ilə festivalın təntənəli açılış mərasimi keçirilir.
Təşkilatçı qurumların rəsmilərinin təbriklərindən sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı solistlərinin ifasında Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin vətənpərvərlik mövzusunda “İntizar” operası nümayiş olunacaq.