Qədim Şəki “Şəhər Günü”nə hazırlaşır
İyulun 7-də Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə “Şəhər Günü” bayram tədbiri keçiriləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəki Şəhər İcra Hakimiyyəti, Dövlət Turizm Agentliyi, Mədəniyyət Nazirliyi və Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşacaq bayram tədbiri maraqlı və rəngarəng tədbirlərlə yadda qalacaq.
Qeyd edək ki, 2019-cu il iyulun 7-də Bakıda keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. 2021-ci il iyulun 7-də Şəkidə keçirilən təntənəli mərasimdə “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı təşkilatın baş direktoru tərəfindən imzalanan sertifikat şəhər rəhbərliyinə təqdim olunub. Həmin tədbirdə hər il iyulun 7-nin Şəkidə “Şəhər Günü” kimi qeyd olunması qərara alınıb.
“Şəhər Günü”nün rəsmi açılış mərasimi iyulun 7-də səhər saatlarında Bəxtiyar Vahabzadə adına parkın qarşısındakı meydanda olacaq. Rəsmi hissədən sonra Dövlət Sərhəd Xidmətinin hərbi orkestri konsert proqramı ilə çıxış edəcək. Bayram tədbiri qədim “Qala divarları”nın içərisində davam etdiriləcək. Burada sərgi-satış yarmarkası təşkil olunacaq. Günorta saatlarında “Marxal” kompleksində “Qida” festivalı keçiriləcək. Tədbir iştirakçıları axşam saatlarında “Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində “Dərviş” ansamblının çıxışını izləyəcəklər. Həmçinin axşam saatlarında “Marxal” kompleksinin Yay Teatrında “İpək Yolu” Musiqi Festivalının təntənəli açılış mərasimi olacaq. Mərasimdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin və F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının çıxışı nəzərdə tutulur.