Rayonun əkin sahələrində monitorinqlər həyata keçirilib
Şəki rayonunun taxılçılıqla məşğul olan fermerləri tərəfindən 2021-ci ilin payızında 2022-ci ilin məhsulu üçün 65283 hektar sahədə payızlıq taxıl əkini aparılıb ki, bunlardan 32319 hektarını buğda, 32964 hektarını isə arpa sahələri təşkil edir. Əkindən sonra taxıl sahələrində normal bitiş alınmışdır. Lakin 2022-ci ilin fevral, mart və aprel aylarının yağıntısız və quraq keçməsi payızlıq taxıl sahələrinə mənfi təsir göstərib.
14 may 2022-ci il tarixdə Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Elman İmamverdiyev rayonun Qoxmuq, Baltalı, Qudula, Böyük Dəhnə, Kiçik Dəhnə, Suçma, Aran, Cəyirli, Qozlubulaq, Carıca, Qayabaşı, Bolludərə, Qaratorpaq kəndlərinin və Turan qəsəbəsinin taxıl əkinlərinə baxış keçirib. Baxış zamanı Böyük Dəhnə, Kiçik Dəhnə, Aran, Sarıca kəndlərində və Turan qəsəbəsində məhsuldarlığın aşağı düşməsi ehtimalı olduğu müşahidə edilib.
Taxılın vaxtında və itkisiz yığılması üçün indidən hazırlıq işlərinin yüksək səviyyədə aparılması, xüsusilə də taxıl yığan kombaynların saz vəziyyətə gətirilməsinin başa çatdırılması və digər məsələlərin vaxtında icra edilməsi istiqamətində E.İmamverdiyev tərəfindən taxıl istehsalçılarına müvafiq tövsiyələr verilib.