Şəbəkə sənətində yeni üslub yaradan şəkili usta
Şəki şəhəri tarixən sənətin və sənətkarlığın yüksək səviyyədə inkişaf etdiyi ərazilərdən olub. Bu qədim şəhərin sənətkarlarının yüzillər boyunca əldə etdikləri təcrübə nəsildən-nəslə keçməklə günümüzədək gəlib çatıb. Şəki sənətkarlığından söz düşəndə, əlbəttə ki, şəbəkə sənəti xüsusi qeyd olunur. Şəkidə bu qədim el sənətini yaşadanlardan biri də tanınmış şəbəkə ustası Hüseyn Hacımustafazadədir.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 2-də Şəkiyə səfərləri zamanı “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunda olarkən Hüseyn usta ilə də görüşüb, yaradıcılığında olan yeniliklərlə maraqlanıblar.
Görüşlə bağlı təəssüratlarını AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşən Əməkdar mədəniyyət işçisi Hüseyn Hacımustafazədə deyib: “Şəbəkə sənəti ilə 15 yaşımdan məşğulam. Artıq 35 ildir ki, bu sənətdəyəm. Mən xoşbəxt sənətkarlardanam ki, Prezident İlham Əliyevlə dəfələrlə görüşmək şərəfinə nail olmuşam. İlk görüşümüz 2012-ci ildə Türkiyənin o vaxtkı Baş naziri, indiki Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Şəkiyə səfəri zamanı olub. Sonralar dəfələrlə Bakıda keçirilən ölkə əhəmiyyətli tədbirlərdə, o cümlədən 3 dəfə Novruz bayramı şənliklərində görüşmüşük. Mən hər dəfə Prezidentimizlə görüşəndə yeni işlərimin də təqdimatını edirəm. Budəfəki görüşdə də yenilik, fərqli bir əl işi olsun deyə, bizim qədim, milli, tarixi əşyamız, keçmiş sənətkarlarımız tərəfindən ixtira olunan, itib-batmaqda olan rəhil hazırlamışdım. Rəhilin özəlliyi ondadır ki, o, bütöv taxtadan yonulur. Taxta 4 parçaya bölünür, ancaq bir-birinə bağlı şəkildə qalır. Hədiyyəm Prezidentimizin çox xoşuna gəldi”.
Qeyd edək ki, Hüseyn usta şəbəkə sənətində yeniliklər etməyi çox xoşlayır. Ustanın dediyinə görə, əsrlər boyu şəbəkə düz lövhə şəklində hazırlanıb. 2009-cu ildə Hüseyn usta hazırladığı kürəşəkilli şəbəkə ilə bu sənətdə yeni üslub yaradıb. Onun hazırladığı dünyada bənzəri olmayan kürəşəkilli şəbəkə 2012-ci ildə TÜRKSOY tərəfindən keçirilən beynəlxalq festivalda birinci yerə layiq görülüb. Usta bu üslubu bir az da təkmilləşdirərək, “Bakı-2015” Birinci Avropa Oyunları ərəfəsində yarışların rəmzi simvolu olan narı kürə şəklində hazırlayıb. “Bakı-2017” İslam Həmrəyliyi Oyunları ərəfəsində isə muğam üçlüyünə daxil olan kamançanı, sonralar tarı kürəşəkilli şəbəkə formasında hazırlayaraq sənətsevərlərə təqdim edib. Eyni zamanda, muğam üçlüyünə aid qavalı da şəbəkə ornamentləri ilə bəzəyib.
Yaradıcılığında olan son yeniliklər barədə məlumat verən Hüseyn usta deyib: “Son olaraq, bu ilin sentyabrında İtaliyada səfirlik binasında açılan Azərbaycan Mədəniyyət Mərkəzi üçün 7 sənət əsəri təqdim etmişəm. Hazırda böyük ölçülü (4,4 x 2,2 metr) xalça-şəbəkənin hazırlanması üzərində işi davam etdirirəm. Yəqin ki, iki-üç aya hazır olar”.