Şriftin ölçüsü :

Saytın rəngi :

"Şəhər Günü" münasibətilə Şəkidə mədəni proqram təşkil olunub

13 iyul 2026 | 17:01

"Şəhər Günü" münasibətilə təşkil olunan tədbir Şəkinin zəngin tarixi və mədəni irsini əks etdirən proqramla davam edib. Qonaqlar əvvəlcə “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində yerləşən Diyarşünaslıq Muzeyi ilə tanış olub, Şəki şəbəkə sənətinin incəliklərini əks etdirən sənət nümunələrini izləyiblər.

Daha sonra UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Şəki Xan Sarayının qarşısında modelyer Leyla Babazadə tərəfindən hazırlanmış Azərbaycan milli geyimlərinin təqdimatı keçirilib. Xalça ornamentləri və milli sənət ənənələrindən ilhamlanan kolleksiya Azərbaycanın zəngin mədəni irsini əks etdirərək tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Bədii proqram Azərbaycanın bəşəriyyətin qeyri-maddi mədəni irs nümunəsi olan muğam ifaları və Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin təqdim etdiyi, Azərbaycana həsr olunmuş milli rəqs kompozisiyası ilə davam edib. Muğam Festivalının iştirakçıları və qaliblərinin təqdim etdiyi musiqi nömrələri tədbirə xüsusi rəng qatıb.

Tədbirin sonunda isə Şəki Şəhər İcra Hakimiyyəti başçısı Elxan Usubov tərəfindən “Şəhər Günü” münasibəti ilə Şəki şəhərinin UNESCO Dünya irsi dəyərlərinin, tarixi mədəni irsinin və memarlıq abidələrinin qorunması, turizm dəyərlərinin beynəlxalq səviyyədə tanıdılması  istiqamətlərində, eləcə də tarixi küçələrinin bərpası, yenidən qurulması və tarixi memarlıq simasının qorunması istiqamətində dəyərli tövhələr vermiş qonaqlara hədiyyə plaketləri verilmişdir.

Keçidlər