Şəhid anası, Əməkdar müəllim Dursun Cavadovanın 70 illik yubileyi qeyd olunub
02 aprel 2026 | 09:35
Aprelin 1-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin birgə təşkilatçılığı ilə Şəki rayon Heydər Əliyev adına Kiş kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimi, şəhid anası, Əməkdar müəllim Dursun Cavadovanın 70 illik yubileyi qeyd olunub.
Şəki Şəhər Heydər Əliyev Mərkəzində təşkil olunmuş yubiley tədbirində Şəki Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Şəki rayon təşkilatının, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin rəhbər şəxsləri, şəhid ailələrinin üzvləri, qazilər, təhsil işçiləri, ictimaiyyət nümayəndələri və şagirdlər iştirak ediblər.
Yubiley tədbiri Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçıları əvvəlcə yubilyarın həyat və fəaliyyətinə həsr olunmuş videoçarxı izləyiblər.
Çıxış edənlər Dursun Cavadovanın şərəfli və mənalı ömür yolundan, onun uzun illər ərzində təhsil sahəsində göstərdiyi fədakar xidmətlərdən geniş bəhs ediblər. Qeyd olunub ki, o, yüzlərlə şagirdin həyatında silinməz iz qoymuş, onların bilikli, vətənpərvər və layiqli vətəndaş kimi formalaşmasında mühüm rol oynamışdır. Bildirilib ki, Dursun Cavadova yalnız peşəkar müəllim kimi deyil, həm də Vətənə igid övlad bəxş edən qəhrəman ana kimi böyük hörmət və ehtiram qazanmışdır. Vurğulanıb ki, onun oğlu şəhid mayor Aqşin Abdullayev Vətənimizin azadlığı uğrunda göstərdiyi şücaətlə şəhidlik zirvəsinə ucalaraq xalqımızın qürur mənbəyinə çevrilmişdir
Daha sonra şəhid anası Dursun Cavadova çıxış edərək ona göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Tədbirin sonunda yubilyar Dursun Cavadovaya fəxri fərman, diplom və qiymətli hədiyyələr təqdim olunub.
Bədii hissədə müəllimlik peşəsinə və vətənpərvərlik mövzusuna həsr olunmuş ədəbi-bədii kompozisiyalar təqdim edilib.
Qeyd edək ki, Əməkdar müəllim Dursun Cavadovanın oğlu, şəhid mayor Aqşin Abdullayev 2017-ci ilin fevralın 25-dən 26-na keçən gecə düşmən təxribatının qarşısını alarkən, böyük fədakarlıq və cəsarət göstərərək qəhrəmancasına həlak olmuşdur.







