Şəhidlər Rizvan Əhmədovun və Bəxtiyar İdrisovun xatirəsi anılıb
Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə müzəffər Ordumuzun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının əziz xatirəsi Şəki rayonunda da ehtiramla anılıb.
Sentyabrın 21-də Şəki şəhər İcra Hakimiyyətinin, YAP Şəki rayon təşkilatının, rayon Ağsaqqallar Şurasının nümayəndələri, şəhid valideynləri, qazilər, kənd ictimaiyyətinin nümayəndələri antiterror tədbirləri zamanı şəhadətə yüksəlmiş rayonun Cumakənd kənd sakini, kiçik gizir Əhmədov Rizvan Niyazi oğlunun və Aşağı Layısqı kənd sakini, əsgər İdrisov Bəxtiyar İxtiyar oğlunun məzarlarını ziyarət edib, əziz xatirələrini dərin hörmət və ehtiramla yad ediblər.
Anım mərasimlərində şəhidlərimizin ruhuna dualar oxunub, şəhidlərin vətənpərvərliyindən, qəhrəmanlığından söz açılıb, onların əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi vurğulanıb.







