Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Dövlət Dram Teatrında “Ezop” tamaşası izləyicilər tərəfindən böyük maraqla qarşılanıb

22 may 2023 | 09:16

Braziliya yazıçısı və dramaturqu Qilyermo Fiqeredunun əsəri əsasında Şəki Dövlət Dram Teatrı tərəfindən səhnələşdirilmiş “Ezop” tamaşasının premyerası olub.

Şəhər rəhbərliyinin, teatrsevərlərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tamaşa 144 illik tarixi olan Şəki Teatrının dövlət statusu almasının 90 illik yubileyi münasibətilə hazırlanıb.

Tamaşada bizim eradan əvvəl 6-cı əsrdə yaşamış təmsilçi Ezopun qul həyatından, onun ruhən və cismən azad olmaq eşqindən, arzularından, xəyallarından ömrünün sonunadək heç zaman dönməyib mübarizə aparmasından bəhs olunur.

Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssam Elman Rəşidov, bəstəkarı Aleksey Yepifanov, baletmeysteri Çingiz Novruzəliyevdir.

Tamaşada əsas rolları Əməkdar artistlər Əbülfət Salahov, Xanlar Həşimzadə, aktyorlar Nazilə İmamhüseynova, Xəyal Salahov, Fidan Lətifova və Azad Məmmədov ifa ediblər.

Səhnədə teatr kollektivinin göstərdiyi performans tamaşaçıların alqışları ilə qarşılanıb.

Tamaşadan sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, teatr kollektivinin uğurlarından danışıb və yaradıcı heyəti təbrik edib.

Keçidlər