Şəki Dövlət Rəsm Qalereyasının fondunda tanınmış fırça ustalarının 258 əsəri mühafizə olunur
Azərbaycanın qədim mədəniyyət və turizm mərkəzlərindən olan Şəki şəhərinin “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində fəaliyyət göstərən Şəki Dövlət Rəsm Qalereyası 40 ildən artıqdır ki, Azərbaycan incəsənətinin, rəssamlıq sənətinin təbliğinə və inkişafına öz töhfəsini verir. 2021-ci ildə Dövlət Turizm Agentliyi tərəfindən qoruğun ərazisində qədim Qala divarlarının daxilindəki tarixi binalarda, o cümlədən Rəsm Qalereyasının yerləşdiyi XIX əsrdə çar Rusiyası əsgərlərinə məxsus kazarma kimi inşa edilmiş binada təmir-bərpa işlərinə başlanılıb və ötən ilin sonunda iki abidədə - Rəsm Qalereyası və qoruğun inzibati binasında bərpa işləri başa çatıb. Hazırda ərazidəki digər tarixi tikililərdə təmir-bərpa işləri davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva 2022-ci il dekabrın 2-də Şəkiyə səfərləri çərçivəsində “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində aparılan təmir-bərpa işləri ilə, həmçinin Rəsm Qalereyasında görülmüş işlərlə tanış olublar.
AZƏRTAC-ın bölgə müxbiri Şəki Dövlət Rəsm Qalereyasında olub, bu sənət ocağının bərpadan sonrakı fəaliyyəti ilə maraqlanıb.
Qalereyanın direktoru İlahə Məmmədova bildirib ki, 1982-ci ildən rəsm qalereyası kimi istifadə edilən bina dövlət mühafizəsinə götürülmüş memarlıq abidəsidir. Bina çay daşı və bişmiş kərpicdən yerli memarlıq üslubunda tikilib. 2022-ci ildə Dövlət Turizm Agentliyi tərəfindən bərpa edilərək yenidən ziyarətçilərin istifadəsinə verilib. Təmir işləri zamanı binanın tarixi-memarlıq üslubu qorunmaqla onun fasadı, dam örtüyü bərpa edilib, kommunikasiya sistemi tamamilə yenidən qurulub. Ekspozisiya zallarında və fond otağında eksponatların mühafizəsi üçün müvafiq temperatur, rütubət rejimini tənzimləyən sistem quraşdırılıb. Bərpa layihəsinə uyğun olaraq, binanın döşəmə örtüyü, qapı-pəncərələri və fasad örtüyü yenilənib, ətraf ərazidə abadlıq işləri görülüb.
Direktorun sözlərinə görə, qalereya binasının ümumi sahəsi 296 kvadratmetrdir. Bina üç hissədən - giriş, ekspozisiya zalları və inzibati bölmədən ibarətdir. Rəsm Qalereyasının fondunda 258 eksponat saxlanılır. Onlardan 61-i rəsm əsəri və 9-u heykəl olmaqla, 70 eksponat hazırda ekspozisiyada sərgilənir. Ekspozisiyadakı əsərlər Azərbaycan incəsənət tarixinin, onun mövzu və üslubca müxtəlif istiqamətlərinin, inkişaf dövrlərinin ziyarətçilər tərəfindən daha dərindən başa düşülməsi üçün tarixi ardıcıllıqla sıralanıb. Rəsm Qalereyasının birinci zalında 1950-1970-ci illərdə rəssamların İkinci Dünya müharibəsinə, sənətkarlıq sahələrinə, tarixi-mədəni irsə həsr etdikləri əsərləri görmək mümkündür. İkinci zalda 1960-1980-ci illərdə rəssamların milli idman növlərinə, sadə insanların gündəlik həyatına və Vətən mövzusuna həsr etdikləri rəsmlərini görə bilirik. Üçüncü zalda isə nisbətən daha müasir dövrə aid, janr və üslub müxtəlifliyi ilə fərqlənən sənət nümunələri nümayiş olunur.
Hazırda Qalereyada Azərbaycanın tanınmış fırça ustalarının, həmçinin xarici ölkə və Şəki rəssamlarının əsərləri var. Ekspozisiyada nümayiş olunan Xalq rəssamı Maral Rəhmanzadənin “Üzümçü qız”, “Yay tətilində”, Sakit Məmmədovun gənclik illərində fərqli üslubda çəkdiyi “Şərq motivi”, Elbəy Rzaquliyevin “Qırmızı atlılar”, Sadıq Şərifzadənin “Lənkəranda”, Elmira Hüseynovanın Vətən müharibəsinə həsr etdiyi ağacdan yonulmuş “Hər şey müharibəyə” və betondan hazırladığı Səttar Bəhlulzadənin portreti, Arif Ələsgərovun taxta üzərində qarışıq texnika ilə işlədiyi “Qoca idmançılar” seriyasından 4 əsəri, Nadir Əbdürrəhmanovun “Qaragöl” və digər əsərlər ziyarətçilər tərəfindən böyük maraqla izlənilir.
İlahə Məmmədova bildirib ki, Rəsm Qalereyasının müasir tələblərə uyğun bərpa edilməsi, əməkdaşların iş şəraitinin yaxşılaşdırılması kollektivin qarşısına yeni vəzifələr qoyur. “Əsas məqsədimiz Azərbaycan incəsənətinin, rəssamlıq sənətinin daha geniş təbliğinə nail olmaq, gənc istedadları üzə çıxarmaq, bir-birindən maraqlı sərgilər təşkil etməklə ziyarətçiləri sevindirməkdən ibarətdir”, - deyə direktor vurğulayıb.