Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Heydər Əliyev Mərkəzində Novruz bayramı münasibətilə “Milli - mənəvi dəyərlərimiz” mövzusunda sərgi təşkil edilmişdir

18 mart 2024 | 12:53
Şəki Heydər Əliyev Mərkəzində Novruz bayramı münasibətilə “Milli - mənəvi dəyərlərimiz” mövzusunda sərgi təşkil edilmişdir. Hər bir millətin tarix boyunca inkişaf etmiş, zaman-zaman azacıq dəyişmiş milli dəyərləri var və hər bir xalqı millət kimi formalaşdıran da bu dəyərləridir. Milli mənəvi dəyərlər dedikdə, millətin özünəməxsus və millətin keçmişini əks etdirərək bugününə qədər gəlib çatan dəyərləri nəzərdə tutulur. Azərbaycan xalqı məhz milli-mənəvi dəyərlərinə sadiqliyi sayəsində özünün mövcudluğunu, milli özünəməxsusluğunu bugünədək qoruyub saxlaya bilmişdir. Xalqımızın ən böyük sərvətlərindən biri onun zəngin milli, mənəvi, mədəni, maddi, ədəbi, dövlətçilik irsinə sahib olmasıdır.
Mərkəzdə təşkil edilmiş sərgidə, Şəki ipəyinin incisi olan Azərbaycan qadının ənənəvi baş örtüyü sayılan kəlağayılar, araxçın və daqqa, qədim qadın və kişi geyimləri, mis qablar və dulusçuluq nümunələri, milli musiqi alətləri, tikmələr və xalça məmulatları, “Şəbəkə” sənəti nümunəsi, Şəkili maketçi rəssam Mənsur Əzizlinin hazırladığı Şəkinin milli mətbəxini əks etdirən yeməklərin və şirniyyatlarının maketləri, Rasim Ocaqov adına Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri tərəfindən çəkilmiş rəsm işləri nümayiş etdirilir.
Sərgidə Şəki MKS-nin 9 nömrəli kitabxana filialına məxsus Azərbaycan xalq sənətkarlığının zəngin nümunələrini əks etdirən xalçaçılıq, toxuma və bədii tikmə, dulusçuluq, misgərlərin sənət nümunələri və digər incəsənət növlərinə dair Azərbaycan və xarici dillərdə nəşr olunmuş kitablar nümayiş etdirilib.
Sərginin əsas mahiyyəti gənclərimizin milli ruhda tərbiyələnməsi, adət-ənənələrimizin gələcək nəsillərə ötürülməsi və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasıdır. Sərgi mart ayının 27- dək davam edəcək.
Keçidlər