Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki ilə Çinin Lianşan vilayəti qardaşlaşıb

04 iyul 2023 | 08:58

Şəki ilə qardaşlaşmış şəhərlər sırasına daha biri – Çin Xalq Respublikasının Lianşan vilayəti də əlavə olunub. Beləliklə, Şəki ilə qardaşlaşmış şəhərlərin sayı 13-ə çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyulun 3-də Şəki və Lianşan arasında dostluq və qardaşlıq haqqında protokolun imzalanmasına həsr olunmuş mərasim keçirilib.

Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qonaqlara Azərbaycanın bu qədim şəhərinin mədəniyyəti, iqtisadiyyatı, kənd təsərrüfatı, ipəkçilik ənənələri, turizm imkanları barədə geniş məlumat verib. Diqqətə çatdırılıb ki, iyulun 7-də Şəkinin 2711 illiyi təntənəli şəkildə qeyd ediləcək. Hər il bu şəhərdə bir neçə beynəlxalq festival keçirilir. Əlamətdar haldır ki, bu gün başlanacaq Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalında Çin Xalq Respublikasının musiqi kollektivi də iştirak edir. Bildirilib ki, Şəki indiyədək bir çox ölkələrin şəhərləri ilə qardaşlaşıb. Sevindirici haldır ki, qardaşlaşmış şəhərlərin sırasına bu gündən Lianşan da əlavə olunur. Yeni imzalanan dostluq və əməkdaşlıq xartiyası bu şəhərlərin sakinləri arasında mədəni, iqtisadi və turizm sahələrində əlaqələrin yaranmasında mühüm rol oynayacaq.

Lianşandan gələn nümayəndə heyətinin rəhbəri Huang Yuchao səmimi qonaqpərvərliyə görə şəhər rəhbərliyinə minnətdarlığını bildirib. Diqqətə çatdırıb ki, Lianşan Çinin Yi adlanan etnik qrupunun məskunlaşdığı ən böyük hissəsidir. Əhalisi 5 milyon nəfərə yaxındır. Lianşan Çində təbii sərvətlərlə zəngin tanınmış ərazidir. Burada böyük həcmdə ekoloji təmiz enerji mənbələri var. Hidroenergetika sahəsində istismar həcmi 70 milyon kilovatdan çoxdur. Lianşanda metallurgiya, mədənçıxarma, kimya, toxuculuq və yeyinti sənayesi, tikinti materialları və spirtli içkilərin istehsalı kimi sahələr inkişaf edib.

İmzalanma mərasimi başa çatdıqdan sonra hər iki şəhərin rəhbərliyi adından qarşılıqlı şəkildə xatirə hədiyyələri təqdim olunub.

Keçidlər