Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalında “Sevil” operası oynanılıb

09 iyul 2022 | 12:56

Uğurla davam edən Şəki “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 8-də axşam “Yuxarı Karvansaray” mehmanxana-kompleksində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında Fikrət Əmirovun “Sevil” operası açıq havada nümayiş olunub. Tamaşa görkəmli bəstəkarın anadan olmasının 100 illiyinə həsr edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tamaşanın quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, baş dirijoru və musiqi rəhbəri Əməkdar artist Əyyub Quliyevdir.

Tamaşada Balaş obrazını Əməkdar artist Ramil Qasımov, Sevil obrazını isə Fatimə Cəfərzadə canlandırıblar. Operada rolları, həmçinin Əməkdar artistlər İnarə Babayeva (Dilbər), Cahangir Qurbanov (Atakişi), Tural Ağasıyev (Əbdüləli bəy), Səbinə Vahabzadə (Gülüş) və başqaları ifa ediblər.

Cəfər Cabbarlının eyniadlı pyesi əsasında Tələt Əyyubov tərəfindən yazılmış libretto üzərində bəstəkar 1949-1952-ci illərdə çalışıb. Operanın mərkəzində cəhalətə qarşı üsyan edən, həyatda öz yerini tapmağa çalışan Azərbaycan qadınının taleyi dayanır.

Operanın premyerası 1953-cü il dekabrın 25-də Azərbaycan Dövlət Opera və Balet Teatrında reallaşıb. İlk tamaşanın böyük uğur qazanmasında Azərbaycanın görkəmli mədəniyyət xadimləri – quruluşçu-rejissor, SSRİ Xalq artisti Mehdi Məmmədovun, dirijor, Əməkdar incəsənət xadimi Əfrasiyab Bədəlbəylinin, bədii-tərtibatında Əməkdar incəsənət xadimləri Ənvər Almaszadə və İzzət Seyidovanın, həmçinin Vera Abışeva (Sevil), Rəşid Behbudov (Balaş), Ağababa Bünyadzadə (Atakişi), Rəhilə Cabbarova (Gülüş) kimi ifaçıların böyük xidmətləri olub.

1970-ci ildə “Azərbaycanfilm” kinostudiyası tərəfindən “Sevil” filmi ekranlaşdırılıb. Filmin musiqisi F.Əmirovun operasının motivləri əsasında yazılıb.

Şəkidə keçirilən “İpək Yolu” festivalı çərçivəsində təqdim olunan tamaşaya şəhər icra hakimiyyətinin və Azərbaycan Bəstəkarlar İttifaqının rəsmiləri, festivala dəvət olunan qonaqlar, teatrsevərlər baxıblar. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı “Sevil” operasını yeni, yığcam səhnə formasında nümayiş etdirib.

Tamaşa başa çatdıqdan sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov teatrsevərlər, şəhərin sakinləri və qonaqlar adından kollektivə təşəkkürünü bildirib. Teatrın rəhbərinə festivalın xatirə hədiyyəsi təqdim olunub.

Festivalın proqramına uyğun olaraq, iyulun 9-da günün birinci yarısında “Marxal” kompleksində Şəkinin “Zirvə” Folklor Ansamblının konserti olacaq.

 

Keçidlər