Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalı başa çatıb
Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyulun 3-də başlanan Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalı uğurla başa çatıb.
Beş gün davam edən festival çərçivəsində musiqisevərlər, şəhərin qonaqları, yerli sakinlər Türkiyə, Çin, Özbəkistan və Qazaxıstandan gəlmiş mahnı və rəqs ansambllarının, həmçinin Azərbaycanın tanınmış teatr və musiqi kollektivlərinin çıxışlarını izləyiblər.
Bu il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlamətdardır. Prezident İlham Əliyev tərəfindən 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar festival günlərində Ümummilli Liderin xatirəsinə həsr olunan konsert proqramları təqdim edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyulun 7-də axşam “Marxal” kompleksinin Yay Teatrında festivalın təntənəli bağlanış mərasimi olub. Tədbirdə festivalın təşkilatçı qurumlarının, Azərbaycanın TÜRKSOY təşkilatındakı nümayəndəliyinin rəsmiləri, şəhərin qonaqları, musiqisevərlər iştirak ediblər.
Mərasimdə Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış edib.
Konsertin əvvəlində məlumat verilib ki, Dövlət Mahnı və Rəqs Ansamblı 1938-ci ildə Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəyli tərəfindən yaradılıb. Müxtəlif dövrlərdə kollektivə Azərbaycan bəstəkarlarından Səid Rüstəmov, Cahangir Cahangirov, Vasif Adıgözəlov, Hacı Xanməmmədov, Telman Hacıyev və Ramiz Mirişli rəhbərlik edib. Ansamblın xoreoqrafiya qrupunda Əminə Dilbazi, Tutu Həmidova, Böyükağa Məmmədov, Roza Cəlilova, Aliyə Ramazanova, Afaq Məlikova, Kamil Dadaşov, Əlikram Aslanov, Nadir Məmmədov və başqa görkəmli rəqs ustaları yetişib.
Ansamblın repertuarını Azərbaycan və dünya xalqlarının mahnı və rəqsləri, xor əsərləri təşkil edir. 2000-ci ildən ansamblın nəzdində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri fəaliyyət göstərir. Mahnı və Rəqs Ansamblının bədii rəhbəri və dirijoru Xalq artisti, Əməkdar incəsənət xadimi, professor Ağaverdi Paşayevdir.
Konsert Vasif Adıgözəlovun “Vətən süitası” ilə başlayıb. Xalq artisti Gülyaz Məmmədovanın, Əməkdar artist Ehtiram Hüseynovun, solistlər Muğam Televiziya müsabiqəsinin qalibi Sərxan Bünyadzadə, Vəfa Vəzirova, Samir Piriyev, Taleh Yahyayev və Nurlana Abdullayevanın, kamança ifaçısı Əməkdar artist Xəyyam Məmmədovun təqdim etdikləri bəstəkar və xalq mahnıları, rəqqasların şux və oynaq rəqsləri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Konsert proqramı başa çatdıqdan sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalının keçirilməsində əməyi olan bütün qurumlara, xüsusilə festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadəyə minnətdarlığını bildirib.
Mahnı və Rəqs Ansamblının bədii rəhbəri və dirijoru, Xalq artisti, Əməkdar incəsənət xadimi Ağaverdi Paşayevə festivalın simvolu təqdim edilib.
Azərbaycanın TÜRKSOY təşkilatındakı nümayəndəsi Elçin Qafarlı tərəfindən festivalın təşkilatçı qurumlarının rəsmilərinə və ansamblın rəhbərinə xatirə hədiyyələri təqdim olunub.
Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın bölgə müxbiri festival çərçivəsində keçirilən tədbirləri operativ işıqlandırdığına, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin çəkiliş qrupu isə festivalın televiziya yayımını yüksək səviyyədə təşkil etdiyinə görə diplomlarla mükafatlandırılıblar.
“İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi atəşfəşanlıqla başa çatıb.