Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki növbəti dəfə “İpək Yolu” Beynəlxalq Musiqi Festivalına ev sahibliyi edəcək

25 iyun 2023 | 15:16

İyulun 3-dən 7-dək Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, ənənəvi festival Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşacaq.

Bu münasibətlə Azərbaycan Bəstəkarlar İttifaqında mətbuat konfransı təşkil olunub.

Tədbir barədə məlumat verən festivalın rəhbəri, Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə ənənəvi musiqi bayramının respublikamız üçün böyük əhəmiyyət daşıdığını deyib: “Biz artıq 11 festivalı böyük uğurla keçirmişik və dünyanın 40-a qədər ölkəsindən Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalına məşhur kollektivlər, görkəmli musiqiçilər, musiqişünas-alimlər təşrif buyurub. Bu dəfə də müxtəlif mədəniyyətlərin füsunkar təbiət qoynunda qovuşduğu Şəkidə Azərbaycan və dünya musiqi sənətinin parlaq nümunələrindən ibarət rəngarəng konsert proqramları təqdim ediləcək. Məlum olduğu kimi, bu il Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyidir. Festivalda Heydər Əliyevin xatirəsinə ithaf olaraq Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin ifasında vətənpərvərlik mahnıları, F.Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının və “Zəfər” muğam qrupunun iştirakı ilə konsert proqramları festivala xüsusi rəng qatacaq”.

Festivalın proqramı haqqında ətraflı məlumat verən Firəngiz Əlizadə bildirib ki, festivalda ölkəmizdə musiqiçi və kollektivlərlə yanaşı, Türkiyə, Çin, Özbəkistan və Qazaxıstandan ifaçılar maraqlı proqramla çıxış edəcəklər. Festivalda türk respublikalarından incəsənət ustalarının geniş şəkildə iştirakı TÜRKSOY-un yaxından dəstəyi ilə həyata keçirilir.

Qeyd olundu ki, festivalın bağlanış mərasiminin keçiriləcəyi 7 iyul tarixi xüsusilə əlamətdardır. 2019-cu ilin 7 iyul tarixində UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi təşkilatın Dünya İrsi Siyahısına daxil edilib.

Festivalın koordinatoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı tədbirə hazırlıqla bağlı ətraflı məlumat verib.

Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova çıxış edərək festivalın ölkənin mədəni həyatında mühüm hadisələrdən biri olduğunu vurğulayıb. Bildirib ki, festivalın əks-sədası ildən-ilə daha geniş coğrafiyaya yayılır, maraq göstərənlərin sırası genişlənir.

Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Cəlal Abbasov çıxışında “İpək Yolu” festivalının mədəni hadisə olmaqla yanaşı, həm də mədəniyyətlərarası dialoqa töhfə olduğunu qeyd etdi.

Qeyd edək ki, builki festivalın da zəngin proqramı var. Festivalın təntənəli açılış mərasimi iyulun 3-də Şəki şəhərindəki “Marxal” kompleksinin yay teatrında keçiriləcək. Həmin gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı solistlərinin ifasında Firəngiz Əlizadənin vətənpərvərlik mövzusunda “İntizar” operası nümayiş olunacaq.

Mətbuat konfransında adıçəkilən tamaşanın festivala hazırlanması barədə Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev düşüncələrini bölüşüb.

İyulun 4-də Şəki Xan sarayında “Zəfər” muğam ansamblının konserti, Yuxarı karvansarada Lianşan – İy Muxtar Vilayətinin ansamblı (ÇXR), iyulun 5-də Şəki Musiqi Kollecində şəhərin “Zirvə” folklor ansamblının çıxışı, yay teatrında Qazaxıstanın Ükili Ibıray adına Akmolin Vilayət Filarmoniyasının “Aynakol” folklor ansamblı və “Qakku” rəqs ansamblının konserti keçiriləcək. İyulun 6-da yay teatrında Safranbolu Bələdiyyəsi Xalq oyunları qrupu (Türkiyə) və Daşkənd Vilayət Filarmoniyasının “Nurəfşan” ansamblının (Özbəkistan) konserti olacaq.

Festivalın son günündə – iyulun 7-də isə Azərbaycan Dövlət Sərhəd Xidməti Nümunəvi Hərbi Orkestrinin (dirijor Əməkdar artist, polkovnik-leytenant Səməd Vəkilov) və F.Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının (bədii rəhbər və baş dirijor Xalq artisti Ağaverdi Paşayev) konsertləri təqdim olunacaq.

Xatırladaq ki, 2010-cu ildən keçirilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı pandemiya üzündən 2020 və 2021-ci illərdə təşkil olunmadı. XI festival ötən il iyulun 7-9-da keçirilib.

Keçidlər