Şəki Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib
Dekabrın 21-də Şəki Heydər Əliyev Mərkəzində Şəki Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib.
Şəki Rayon Ağsaqqallar Şurasının üzvlərinin, rayon ziyalılarının iştirak etdiyi konfransda əvvəlcə Ulu Öndər Heydər Əliyevin, müddət ərzində dünyasını dəyişmiş ağsaqqalların və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş sözü ilə Şəki Şəhər İcra hakimiyyəti başçısının müavini Elman İmamverdiyev açıb. Bildirib ki, Azərbaycanda tarixboyu ağsaqqallar yüksək hörmət və nüfuz sahibi olub, cəmiyyətdə özünəməxsus yer tutmuşdur. Ağsaqqal, ağbirçək sözü, xeyir-duası xalqımızın mənəvi dünyasında həmişə yüksək qiymətləndirilib. Şəkidə də ağsaqqallar rayonun sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında, xüsusilə də gənclərin maarıfləndirilməsində yaxında iştirak edirlər.
Şəki Şəhər İcra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxış edərək ağsaqqalların ölkəmizin ictimai-siyasi həyatındakı rolundan danışıb. Qeyd edib ki, Azərbaycanda ağsaqqal sözünə hər zaman ehtiramla yanaşılıb. Çünki xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal sözü, ağsaqqal xeyir-duası həmişə üstün yer tutub. 44 günlük Vətən müharibəsində hərb tariximizə yazılan şanlı Zəfərdən bəhs edən Həsən Həsənov gənclərimizin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində ağsaqqalların böyük rolu olduğunu vurğulayıb.
Konfransda təşkilati məsələlərə baxılıb, Vaqif Əhmədov Şəki Rayon Ağsaqqallar Şurasının sədri seçilib, həmçinin İdarə Heyətinin yeni tərkibi təsdiq olunub.