Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki rayon Ağsaqqallar Şurasının sədri, polis veteranı Vaqif Əhmədovun 75 illik yubileyi qeyd olunub

23 iyul 2026 | 17:21

İyulun 23-də Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon Ağsaqqallar Şurasının sədri, Birinci Qarabağ müharibəsi veteranı, uzun illər polis orqanlarında, həmçinin rayonun ictimai həyatında səmərəli fəaliyyəti ilə seçilən Vaqif Əhmədovun 75 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının, Yeni Azərbaycan Partiyası Şəki rayon Təşkilatının, Şəki Şəhər-Rayon Polis Şöbəsinin, Şəki Rayon Prokurorluğunun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin rəhbər şəxsləri, ziyalılar, ictimaiyyət və media nümayəndələri, Vaqif Əhmədovun ailə üzvləri, dostları, həmçinin uzun illər onunla birgə fəaliyyət göstərdiyi həmkarları iştirak ediblər.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Elnur Həsənov, Şəki rayon Ağsaqqallar Şurasının üzvü Elxan Abdullayev çıxış edərək Vaqif Əhmədovun Birinci Qarabağ müharibəsində iştirakından, polis orqanlarındakı xidmətlərindən, rayonunun ictimai-siyasi həyatındakı fəal iştirakından, ağsaqqallıq ənənəsinin yaşadılması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi sahəsində gördüyü işlərdən bəhs edərək qazandığı nailiyyətləri yüksək qiymətləndiriblər. Həmçinin polis veteranı olan Vaqif Əhmədovun Azərbaycan Respublikasının Daxili İşlər naziri tərəfidən müvafiq əmrlə Azərbaycan Respublikasının “Polis veteranı” medalı ilə təltif olunduğu elan edilib.

Tədbirdə çıxış edən yubilyar Vaqif Əhmədov göstərilən diqqət və ehtirama görə təşkilatçılara və tədbir iştirakçılarına minnətdarlığını bildirib, rayonun ictimai həyatında, ağsaqqallıq missiyasının həyata keçirilməsi sahəsində fəaliyyətini bundan sonra da davam etdirəcəyini bildirib.

Tədbirin sonunda Vaqif Əhmədovun 75 illik yubileyi münasibətilə ona Azərbaycan Ağsaqqallar Şurasının “Fəxri Ağsaqqal” döş nişanı, Şəki Şəhər İcra Hakimiyyətinin hədiyyəsi, həmçinin Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının fəxri fərmanı, Daxili İşlər Nazirliyinin Veteranlar Şurasının hədiyyəsi və ictimai qurumlar tərəfindən fəxri fərmanlar, təbriknamələr, diplom və xatirə hədiyyələri təqdim olunub.

Tədbir xatirə fotosunun çəkilişi ilə başa çatıb.

Keçidlər