Şəki rayonu ərazisində geniş abadlıq və quruculuq işləri aparılır
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə elan olunmuş "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Şəkidə geniş abadlıq və quruculuq işləri aparılır.
Şəhərin əsas küçə və meydanlarında təmizlik və təmir işləri həyata keçirilməklə yanaşı rayon ərazisində magistral avtomobil yollarının kənarlarında yerləşən qeyri-yaşayış obyektlərində və yaşayış evlərində təmir işləri aparılmış, obyektlərin fasadları rənglənmiş və yaşayış evlərinin dam örtükləri yuyularaq görkəmi yaxşılaşdırılmış, magistral yolların kənarı boyu 10 km-ə yaxın ərazidə dekorativ hasarlar inşa edilmişdir. Şəhərin girişində, Zərifə Əliyeva küçəsi ilə Oğuz şossesi küçəsinin kəsişməsində, Şəkiyə gələn turistlər, qonaqlar üçün şəhər haqqında təssürat yaratmaq məqsədini daşıyan, Şəkinin zəngin mədəni irsini, maddi mədəniyyət nümunələrini, turizm potensialını, mətbəxini və iqtisadiyyatını özündə əks etdirən simvollar quraşdırılmışdır.
“Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində Şəki rayonu ərazisində magistral yolların kənarında payız mövsümü ərzində yaşıllıqların artırılması məqsədilə 12000 ağac əkilmişdir. Eyni zamanda, küçə və prospektlərin və magistral avtomobil yollarının kənarları boyu yaşıllıqlar qaydaya salınmış, təmizlik işləri aparılmışdır. Yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlər hazırda davam edir.
Şəki şəhərinin mərkəzi ilə axan Dəyirmanarxı və Qurcana çaylarında 1167,0 pm. uzunluğunda qutu şəkilli (döşəmə və yan divarlar) dəmir-beton konstruksiyadan istifadə edilməklə sahilbərkitmə işləri aparılmış, çay yatağı təmizlənilmiş, çay yatağı boyu su qırıcılar inşa edilmişdir.
Şəhər ərazisində fiziki qüsurlu insanların rahat hərəkətini təşkil etmək məqsədilə yol kəsişmələrində işıqforlar yenilənmiş, səs siqnalları ilə təchiz edilmiş, səkilərdə panduslar quraşdırılmışdır.
Şəhərdə su və kanalizasiya sisteminin tikintisi işləri yekunlaşdırılmış 6 küçə və 6 prospektdə dövlət büdcəsinin investisiya xərcləri hesabına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsaslı təmir işlərinə başlanılmışdır. Hazırda şəhərin Heydər Əliyev, M.F.Axundzadə, M.Ə.Rəsulzadə prospektlərində, A.Məmmədov, S.Rəhman, R.Ocaqov küçələrində asfalt örtüyünün yenilənməsi işləri ilə yanaşı suötürücü kanalların, piyada səkilərinin yenidən tikintisi işləri də həyata keçirilir.
Görülən işlər şəhər sakinləri və şəhərimizə gələn qonaqlar tərəfindən rəğbətlə qarşılanır. Şəhərin küçə və prospektlərində aparılan əsaslı təmir işlərinin 2025-ci ildə də davam etdirilməsi nəzərdə tutulmuşdur.