Şəki rayonunda əhalinin sayı 190 min nəfəri ötüb
2022-ci ilin yanvar-iyun aylarında Şəki rayonunda əhalinin sayı ilkin hesablamalara görə 341 nəfər artaraq 190 min 91 nəfərə çatıb. Onlardan 68 min 400 nəfəri Turan və Çələbixan qəsəbələri ilə birlikdə şəhər, 121 min 691 nəfəri isə kənd əhalisidir. Əhalinin 36 faizi şəhər, 64 faizi isə kənd yerlərində məskunlaşıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər Statistika İdarəsinin rəisi Qəşəm Kərimov məlumat verib.
İdarə rəisi bildirib ki, cari ilin yanvar-iyun aylarında Şəki rayonunda 986 uşaq dünyaya gəlib. Onların 507 nəfəri şəhər, 479 nəfəri isə kənd əhalisinin payına düşür. Altı ayda rayonda 645 ölüm halı qeydə alınıb. Həmin müddətdə rayon Qeydiyyat şöbəsi tərəfindən Şəkidə 430 nikah və 115 boşanma halı rəsmiləşdirilib.
2022-ci ilin yanvar-iyun aylarında Şəkidə əhalinin təbii artımı 341 nəfər olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 180 nəfər azdır.