Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki rayonunun turizm potensialı öyrənilir

12 avqust 2022 | 12:39

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin illik iş planına müvafiq olaraq, şöbənin əməkdaşları tərəfindən Şəki rayonunun Baş Kəldək kəndi ətrafındakı təbiət ərazilərinin turizm potensialının öyrənilməsi istiqamətində monitorinq aparılıb.

Monitorinqin məqsədi barədə AZƏRTAC-ın bölgə müxbirinə məlumat verən Regional Elmi Mərkəzin Ekoloji coğrafiya şöbəsinin rəhbəri Yusif Rəhimov bildirib ki, Azərbaycanda turizm sənayesi qeyri-neft sektorunun prioritet sahələrindən olub və hazırda özünün inkişaf dövrünü yaşayır. Bu məqsədlə dövlət səviyyəsində çoxsaylı tədbirlər həyata keçirilir. Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə əsas strateji hədəf və prioritetlər sırasında regional turizm növlərinin inkişaf etdirilməsi, xüsusən də kənd yaşıl turizminin, ekoturizmin, aqrar turizmin, mədəni turizmin və turizmin digər növlərinin inkişafı, yeni turizm rekreasiya zonalarının yaradılması və onların fəaliyyətinin turizm klasterlərin uyğunlaşdırılması nəzərdə tutulub və hazırda bu istiqamətdə zəruri tədbirlər həyata keçirilməkdədir.

Şöbənin rəhbəri bildirib ki, monitorinqin nəticəsinə görə Şəki rayonunda aqroturizm, ekoturizm, kənd turizmi və sair kimi çoxşaxəli aktiv turizm sahələrinin potensialının mövcudluğu, bu potensialdan səmərəli istifadə edilməklə, yeni perspektiv layihələrin həyata keçirilməsi üçün geniş imkanların olduğu müəyyən edilib.

Keçidlər