Şəki Regional ASAN Xidmət Mərkəzində "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir keçirilib
Mayın 8-də "Konstitusiya və Suverenlik İli" çərçivəsində Şəki Şəhər İcra Hakimiyyəti, "Yuxarı Baş" Milli Tarix Memarlıq Qoruğu və Şəki Regional ASAN Xidmət Mərkəzi tərəfindən “7.1” adlı tədbir keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi yad olunub.
Adını Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin 1-ci bəndindən götürən tədbirdə Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət olduğu bir daha vurğulanıb.
Çıxış edənlər Konstitusiyamızın vətəndaşların gündəlik həyatındakı və ölkəmizin suverenliyinin möhkəmləndirilməsindəki rolundan, vətəndaşların Konstitusiya ilə təsbit edilən hüquq və vəzifələrindən danışıblar.
Qeyd olunub ki, suverenlik xalqımızın milli sərvətidir, 44 günlük Vətən müharibəsi və antiterror tədbirlər nəticəsində Azərbaycanın bütün ərazisində qanunun aliliyi təmin olunub və dövlət suverenliyi tam bərpa edilib.
Tədbirdə Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsində təsbit olunmuş tarix və mədəniyyət abidələrinin qorunmasının vacibliyi xüsusi qeyd olunub.
Sonra “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş videoçarx nümayiş olunub.
Tədbirin sonunda qonaqlar sənətkarların əl işlərindən ibarət rəngarəng sərgi ilə tanış olublar.