“Şəki Sağlamlıq Günləri” çərçivəsində tibbi müayinələr və elmi konfrans təşkil olunub
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşkilatçılığı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in dəstəyi ilə Şəki şəhərində ilk dəfə “Şəki Sağlamlıq Günləri” təşkil olunub.
“Şəki Sağlamlıq Günləri” çərçivəsində şəhid və qazilərin ailə üzvləri üçün ödənişsiz tibbi müayinələr aparılıb.
Sentyabrın 26-da Şəki Heydər Əliyev Mərkəzində Səhiyyə Nazirliyi tərəfindən 9 DTT balı ilə qiymətləndirilən “Ürək müdaxilələrinə gətirən yol: göstərişlər və qərar mexanizmləri” mövzusunda elmi konfrans keçirilib.
Tədbir iştirakçıları öncə Şəki şəhər Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılan dahi şəxsiyyətin abidəsi önünə gül-çiçək düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
Konfransda Şəki Şəhər İcra Hakimiyyətinin, “Şəki rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin və digər dövlət qurumlarının rəhbərləri, ölkənin aparıcı kardioloqları və beynəlxalq ekspertlər iştirak ediblər.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəyalə Töhrablı, Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova, Səhiyyə Nazirliyi Səhiyyə Siyasəti Şöbəsinin müdiri Ramik Quliyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Planlama departamentinin rəhbəri, professor Hikmət İbrahimli və digər şəxslər çıxış ediblər.
Elmi konfransda ürək-damar xəstəliklərinin diaqnostika və müalicəsində tətbiq olunan müasir yanaşmalar barədə məlumat verilib.







