Şəki şəhər 11 nömrəli tam orta ümumtəhsil məktəbin 100 illik yubileyi qeyd edilib
Sentyabrın 5-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Şəki rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə Şəki şəhər 11 nömrəli tam orta ümumtəhsil məktəbin 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
Şəki Dövlət Dram Teatrında keçirilən tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, Milli Məclisin deputatı Vüqar İsgəndərov, ETİHİ-nin Respublika Komitəsinin sədr müavini Turana Kərimova, təhsil ocağını bitirmiş və tanınmış məzunlar, şəhid ailələrinin üzvləri, qazilər, şəhər ictimaiyyətin nümayəndələri, təhsil işçiləri və digər qonaqlar iştirak ediblər.
Tədbirdən öncə qonaqlar məktəbin şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Yubiley tədbiri Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Şəhidlərin və dünyadan köçmüş müəllimlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Məktəbin direktoru Ədalət Sədiyeva çıxış edərək təhsil ocağının yaranma tarixi, keçdiyi yol və qazandığı uğurlar barədə danışıb. Sonra məktəbin tarixini və keçdiyi yolu əks etdirən videoçarx nümayiş etdirilib.
Şəki Şəhər İcra Hakimiyyəti başçısı Elxan Usubov çıxış edərək Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə təhsilin inkişafına böyük diqqət və qayğı göstərildiyini vurğulayıb, Şəkinin təhsil sahəsində özünəməxsus yeri olan şəhər 11 nömrəli tam orta məktəbin illər boyu yetişdirdiyi istedadlı şagirdləri, fədakar müəllimləri və ardıcıl uğurları ilə diqqət mərkəzində olduğunu bildirib, məktəb kollektivini 100 illik yubiley münasibətilə təbrik edib, kollektivə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova çıxışında təhsilin Azərbaycanın dövlət siyasətinin prioritetlərindən biri olduğunu, Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilin inkişafına böyük diqqət yetirildiyini vurğulayıb, hazırda Prezident İlham Əliyevin bu ənənəyə sadiq qalaraq təhsil islahatlarını uğurla davam etdirdiyini diqqətə çatdırıb. Məktəbin tədris nailiyyətlərinin son illər daha da artdığını qeyd edən idarə müdiri kollektivə bundan sonrakı fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.
Milli Məclisin deputatı Vüqar İsgəndərov çıxışında təhsil sahəsində aparılan islahatlardan bəhs edib, dövlətimizin başçısının təhsilə, təhsil işçilərinə göstərdiyi diqqət və qayğının nəticə etibarilə bu sahənin sürətli inkişafı, maddi-texniki bazasının daha da möhkəmlənməsi ilə nəticələndiyini bildirib.
Tədbirdə daha sonra çıxış edənlər məktəbin 100 illik yubileyi münasibətilə öz təbriklərini çatdırıblar və məktəbin daim yeni-yeni uğurlara imza atmasını ən xoş arzularla bildiriblər.
Yubiley tədbiri şagird və müəllimlərin ifasında maraqlı konsert proqramı, ədəbi-bədii kompozisiyalarla davam edib.
Sonda gənc nəslin təlim-tərbiyəsi sahəsində uzun illər səmərəli pedaqoji fəaliyyətinə görə bir qrup müəllimə, həmçinin təhsildə fərqlənən şagirdlərə Şəki Şəhər İcra Hakimiyyətinim və Regional Təhsil İdarəsinin fəxri fərman və hədiyyələri təqdim olunub.







