Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki şəhər Ağsaqqallar Şurasının illik hesabat yığıncağı keçirilib

14 iyun 2022 | 17:11

İyunun 14-də Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində Şəki şəhər Ağsaqqallar Şurasının illik hesabat yığıncağı keçirilib.

Yığıncaqda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanova, Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavinləri Zərinə Cavadova və Elman İmamverdiyev, Şəki şəhər Ağsaqqallar Şurasının üzvləri, rayonun bir qrup ağsaqqalı və ziyalısı iştirak edib.

Yığıncaq iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzin qarşısındakı abidəsini və İkinci Qarabağ müharibəsi şəhidlərinin məzarlığını ziyarət edərək önlərinə gül dəstələri düzüblər.

Yığıncaqda 1-ci və 2-ci Qarabağ Müharibəsi şəhidlərinin, həmçinin hesabat dövründə dünyasını dəyişmiş ağsaqqal və ağbirçəklərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yığıncağı giriş sözü ilə açan Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova qarşıdan gələn 15 iyun - Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, bildirib ki, ağsaqqal, ağbirçək sözü, xeyir-duası xalqımızın mənəvi dünyasında həmişə yüksək qiymətləndirilib. Bu gün respublika ağsaqqalları ölkəmizin ictimai-siyasi həyatında mühüm yer tutur. Dövlətimizin bu günkü inkişafında onların böyük rolu var. Z.Cavadova qeyd edib ki, Şəkidə də ağsaqqallar rayonun ictimai-siyasi, mədəni həyatında, xüsusilə gənclərin maarifləndirilməsində yaxından iştirak edirlər. Onlar rayonumuzun bütün tədbirlərində diqqət mərkəzində saxlanılır, qayğı ilə əhatə olunurlar.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira  Süleymanova çıxış edərək Azərbaycanın ilk dəfə 1918-ci ildə müstəqillik əldə etməsindən, 1991-ci ildə müstəqilliyini yenidən bərpa etdikdən sonra ölkəmizdə yaranmış böhranlı vəziyyətdən, 1993-cü il 15 iyun tarixinin əhəmiyyətindən, Ulu öndər Heydər Əliyevin dövlət müstəqilliyimizin qorunub saxlanmasındakı misilsiz xidmətlərindən,  44 günlük Vətən müharibəsində hərb tariximizə yazılan şanlı Zəfərdən bəhs edib. Ağsaqqalların ölkəmizin ictimai-siyasi həyatındakı rolundan danışan sədr müavini bildirib ki, ağsaqqallar gənc nəslin milli-mənəvi dəyərlərimizə və doğma Vətənimizə hörmət ruhunda formalaşdırılması işinə əllərindən gələn köməkliyi göstərməli, lazım gələndə öz sözünü deməlidir. Professor Elmira  Süleymanova ölkəmizdə Prezident cənab İlham Əliyev tərəfindən aparılan genişmiqyaslı quruculuq, abadlıq işlərindən, vətəndaşların rifa halının yaxşılaşdırılması üçün atılan məqsədyönlü addımlardan danışıb.

Sonra Şəki şəhər Ağsaqqallar Şurasının sədri Nağdalı Balaşovun illik fəaliyyətləri barədə hesabat məruzəsi dinlənilib.

Yığıncaqda çıxış edən Şəki şəhər Ağsaqqallar Şurasının üzvləri - Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Şəki rayon filialının sədri Məmmədnuru Əzizov və “Şəki”  qəzetinin redaktoru Akif Salam ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından söz açılıblar, gənclərin dövlətə, xalqa sədaqət ruhunda və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyac olduğu diqqətə çatdırıblar.

Yığıncaqda Şəki şəhər Ağsaqqallar Şurasının bir illik fəaliyyətinə qənaətbəxş qiymət verilib.

Keçidlər