Şəki Şəhər İcra Hakimiyyətində Əlicançay su anbarının tikintisi ilə bağlı İşçi qrupunun görüşü keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27.07.2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”nda ölkədə su ehtiyatlarının artırılması və bu istiqamətdə dağ çayları sularının yığılması üçün relyefə uyğun su anbarlarının yaradılması məqsədilə texniki-iqtisadi əsaslandırmanın hazırlanması və layihələndirilməsinin həyata keçirilməsi nəzərdə tutulan su anbarlarının siyahısına Əlicançay su anbarı da daxil edilib.
Ümumi su tutumu 108 milyon kubmetr, faydalı həcmi isə 100 milyon kubmetr olacaq Əlicançay su anbarı vasitəsi ilə Şəki rayonunun 13 inzibati ərazisində 32,6 min hektar sahənin suvarılması və içməli su təminatının yaxşılaşdırılması nəzərdə tutulur.
Dövlət Su Komissiyasının 14 dekabr 2022-ci il tarixdə keçirilmiş 28-ci iclasının müvafiq protokolunun icrasının təmin edilməsi məqsədilə Əlicançay su anbarının tikintisi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılmış İşçi qrupunun Şəki Şəhər İcra Hakimiyyətində görüşü keçirilib.
Görüşdə ictimaiyyətin, o cümlədən aidiyyəti torpaq mülkiyyətçiləri və istifadəçilərinin məlumatlandırılması məqsədilə görüləcək işlər barədə müzakirələr aparılıb. İşçi qrupun üzvləri ilə yanaşı, görüşdə aidiyyəti dövlət qurumlarının, yerli özünüidarəetmə orqanlarının, sudan istifadə birliklərinin nümayəndələri də iştirak edib.