Şəki Şəhər İcra Hakimiyyətində fermer və sahibkarlarla görüş keçirilib
İyun ayının 5-də Şəki Şəhər İcra Hakimiyyətində rayonda fəaliyyət göstərən fermer və sahibkarlarla görüş keçirilib.
Görüşdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn məsələlər diqqətə çatdırılıb.
Qeyd olunub ki, Proqramın əsas məqsədi kənd təsərrüfatının inkişafına təkan vermək, dövlət və özəl investisiyaların daha səmərəli şəkildə cəlb edilməsinə şərait yaratmaq, müasir texnologiyaların tətbiqini genişləndirmək və aqrar istehsalda dayanıqlı artımı təmin etməkdir.
Bildirilib ki, Proqramın uğurlu icrası kənd təsərrüfatında məhsuldarlığın artırılmasına, ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə, regionlarda məşğulluğun genişlənməsinə və qeyri-neft sektorunun inkişafına mühüm töhfə verəcək.
Görüşdə həmçinin cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin məşğulluq və cəmiyyətə adaptasiyası məsələlərinə də toxunulub.
Azərbaycan Respublikası Prezidentinin 2025-ci il, 25 iyun tarixli, 637 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nı və həmin sənəddən irəli gələn vəzifələr barədə məlumat verililib.
Bildirilib ki, cəzasını çəkib bitirmiş vətəndaşlarımızın cəmiyyətdə özlərinə yer tapmasına, işlə təmin olunmalarına ehtiyac var. Fermerlərimizin və sahibkarlarımızın onlara təsərrüfatlarda, istehsalat sahələrində iş imkanı yaratması həmin şəxslərə böyük dəstək ola bilər.
Tədbirdə hər iki məsələ ətrafında müzakirələr aparılıb, müvafiq tövsiyələr verilib.







