Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Aşağı Küngüt kəndinin sakinləri ilə görüşüb
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov iyunun 9-da Aşağı Küngüt kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kənd sakinlərini salamlayan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışındakı əsas məqamları görüş iştirakçılarının nəzərinə çatdırıb.
Sonra icra başçısı son müddət rayonda görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib.
Kənd sakinləri Çingiz Ağayev, Oktay Yunusov, Ələsgər İbrahimov çıxış edərək kəndin “Qobuqırağı” məhəlləsində içməli su probleminin həlli məqsədilə subartezian quyusu qazılmasına köməklik göstərilməsi, həyətyanı torpaqlarının suvarma suyu ilə təmin olunması, “Candarlı” məhəlləsində eyni yerdə quraşdırılmış 2 ədəd transformatordan birinin yerinin dəyişdirilməsi və sair məsələləri xahiş ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.