Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Baltalı kəndində səyyar qəbul keçirib
Avqustun 6-da Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Baltalı kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının birinci müavini Elman İmamverdiyev, Şəki Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək rayon ərazisində aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri haqqında kənd sakinlərinə məlumat verib.
Sonra ötən müddət ərzində kəndin ərazisində görülmüş işlər barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.
Kənd sakinləri Cəlilov Fikrət, Hidayətov Möhlüd, Qaffarov Şahin və başqaları çıxış edərək kəndin ərazisində köhnəlmiş elektrik dirəklərinin dəyişdirilməsini, kənd tibb məntəqəsində inyeksiya prosedurlarının aparılmasına icazə verilməsini, kəndin “Keşlə məhəlləsi” adlanan ərazisində artezian quyusunun qazılmasını və sair məsələləri xahiş ediblər.
Səyyar qəbulda qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.
Görüşdə Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən yeni yayılmağa başlamış Amerika ağ kəpənəyinin bitkilərə vurduğu ziyan, onunla mübarizə tədbirləri barədə məlumat verilib, bununla bağlı sakinlərə maarifləndirici bukletlər paylanılıb.







