Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Baş Layısqı kəndində səyyar qəbul keçirib
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov iyulun 15-də Baş Layısqı kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kənd sakinlərini salamlayan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Ulu öndər Heydər Əliyevin 1969-cu ildə birinci dəfə siyasi hakimiyyətə gəlməsindən bəhs etmiş, ölkədə bu gün gedən proseslərə nəzər salmışdır. Rayonda son günlər keçirilmiş “Şəhər günü” bayram tədbiri və Şəki “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalı haqqında məlumat vermiş, qarşıda duran vəzifələrdən danışmışdır.
Sonra icra başçısı son müddət rayonda görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat vermiş, baramaçılığın inkişafında mütərəqqi üsüllardan istifadə edilməsinin vacibliyi, qabaqcıl barama istehsalçılarının təcrübəsi və nailiyyətləri barədə ətraflı söhbətlər aparmış, gənc kümdarların yetişdirilməsinin vacibliyini ön plana çəkmişdir. Baş Layısqı kəndindən Yusifov İsmət Vahid oğlunun nailiyyətləri və iş təcrübəsi xüsusi vurğulanmışdır.
Kənd sakinləri Güloğlan Səlimov, Şəlalə Babayeva, Sədi Abdukərimov və başqaları çıxış edərək Baş Layısqı kənd tam orta məktəb binasının əsaslı təmiri, kənddə “Beynəlxalq bank”ın bankomatının və “Milliön” ödəmə terminalının quraşdırılması, kənd uşaq bağçası binasının əsaslı təmirinə köməklik göstərilməsi və sair məsələləri xahiş ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.