Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Baş Zəyzid kəndinin sakinləri ilə görüşüb
Yanvarın 27-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Baş Zəyzid kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Azərbaycanın artan beynəlxalq nüfuzundan, əldə olunan iqtisadi nailiyyətlərindən, həyata keçirilən infranstuktur layihələrdən söz açıb, Şəkidə ötən il görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib.
Sonra kənd sakinləri Zəkəryəyev Kənan, Cəfərov Elman, Abdullayev Əsman və başqaları çıxış edərək kəndin yuxarı hissəsində qazılacaq artezian quyusu ilə bağlı işlərin sürətləndirilməsi, həmin ərazidə yerləşən 65-70 evə təbii qazın verilməsi, uzunluğu təqribən 2,5 km olan “Dərin yol” adlanan əraziyə yağıs suları nəticəsində yığılan qum və çınqılın təmizlənməsi, kənd ərazisinə verilən internetin sürətinin artırılması və sair məsələləri xahiş ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.