Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Daşüz kəndində səyyar qəbul keçirib
İyun ayının 8-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Daşüz kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Prezident cənab İlham Əliyev cari ilin 31 may tarixində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgilərinin açılışında çıxışı zamanı söylədiyi bəzi fikirləri görüş iştirakçılarının diqqətinə çatdırıb, ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən mühüm tədbirlərdən söz açıb, rayonda görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.
Sonra kənd sakinləri Qədirov İlham, Hüseynova Sevda, Səmədov Arif və başqaları çıxış edərək Daşüz kəndinə optik internet xəttinin çəkilməsi və əlavə telefon nömrələrinin verilməsi, kəndin SİP kabelləşdirilməsi, kənd tam orta məktəbinin əsaslı təmiri, yeni tikilmiş evlərə təbii qazın çəkilməsinə köməklik edilməsi və sair məsələləri xahiş ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.