Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Aran kəndində səyyar qəbul keçirib
Fevralın 12-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Aran kəndində səyyar qəbul keçirib.
Səyyar qəbulda başçının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, aparatın məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Prezident cənab İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti Cey.Di.Vensin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda səsləndirdiyi bəzi fikirləri görüş iştirakçılarının nəzərinə çatdırıb, rayonda ötən il görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.
Sonra kənd sakinləri Məmmədov Qəzənfər, Yusifova Yeganə və başqaları çıxış edərək Aran kəndinə təbii qazın verilməsini, kənd uşaq baxçasının təmir olunmasını, kənddəki bəzi evlərin sənədləşdirilməsinə köməklik göstərilməsi və sairə məsələləri xahiş ediblər.
Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.







