Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Aşağı Layısqı kəndində səyyar qəbul keçirib.
Martın 17-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Aşağı Layısqı kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək 13 mart 2025-ci ildə keçirilən XII Qlobal Bakı Forumunda Prezident İlham Əliyevin çıxışından bəzi məqamları görüş iştirakçılarının nəzərinə çatdırıb, dünyada gedən əsas siyasi proseslərdən, ölkədə sosial-iqtisadi sahədə həyata keçirilən tədbirlərdən, rayonda son dövrlər görülən işlərdən danışıb.
Sonra kənd sakinləri Məmmədov Qüdrət, Zəkəryəyeva Güldənə, Abdurahmanov Yasin və başqaları çıxış edərək kəndin “Mərdanlar” məhəlləsinə gedən yolun əsaslı təmir olunmasını, yeni yaşayış massivinin və “Mərdanlar” məhəlləsinin elektrik təsərrüfatının yenilənməsini, kəndin təbii qazla təmin olunmasını, kənd sakinlərinin tələbatına uyğun tibbi xidmətin təşkilinə köməklik göstərilməsini və sairə məsələləri xahiş ediblər.
Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.