Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Baltalı kəndində səyyar qəbul keçirib
Aprelin 18-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Baltalı kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkəmizin qarşısında duran prioritet vəzifələrdən söz açıb, iqlim dəyişikliyi ilə bağlı dünyada böyük narahatlıq olduğunu, ölkəmizdə su ehtiyatlarından səmərəli şəkildə istifadə olunmasının vacibliyini bildirib, bu səbəbli növbəti illərdə içməli su və suvarma layihələrinin həyata keçirilməsinin hökumətin qarşısında duran əsas vəzifələrdən biri olduğunu diqqətə çatdırıb.
Sonra kənd sakinləri Bəşirov Arif, Cəlilov Fikrət, Əhmədov Tərlan və başqaları çıxış edərək qəzalı vəziyyətdə olan elektrik dirəklərinin yenisi ilə əvəz edilməsi, Baltalı kəndinin girəcəyində yerləşən təhlükə törədən ağacların budanması, kənddə yeni müasir tipli tibb məntəqəsinin tikilməsi və sair məsələləri xahiş ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.
Görüş zamanı narkomaniyanın və erkən nikahın yaratdığı fəsadlar, onların qarşısının alınması sahəsində həyata keçirilən profilaktik tədbirlər haqqında məlumat verilmiş, vətəndaşlar tərəfindən onlara məxsus yaşayış evlərinin sığortalanmasının vacibliyi qeyd olunmuşdur.