Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Baqqal kəndinin sakinləri ilə görüşüb
Avqust ayının 21-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Baqqal kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkədə və dünyada ictimai-siyasi sahədə baş verən mühüm hadisələrə toxunub, Prezident İlham Əliyevin ABŞ-a son səfərinin nəticələrindən danışıb.
Sonra kənd sakinləri Əliyev Yəhya, Abdurahmanova Şəfqət, Səmədov Niymət və başqaları çıxış edərək Baqqal kəndinə gedən 3 km yolun asfaltlaşdırılmasını, kəndin təbii qazla təmin edilməsini, kənd ərazisinə bir ədəd əlavə transformatorun qoyulmasını və sairə məsələləri xahiş ediblər.
Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.







