Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Baş Layısqı kəndində səyyar qəbul keçirib
Yanvarın 15-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Baş Layısqı kəndində səyyar qəbul keçirib.
Səyyar qəbulda başçının müavinləri, aparatın məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Prezident İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunan müşavirədə çıxışı zamanı səsləndirdiyi bəzi fikirləri görüş iştirakçılarının nəzərinə çatdırıb, rayonda ötən il görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.
Sonra kənd sakinləri Səlimov Güloğlan, Cəbiyev İsmət və başqaları çıxış edərək əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması üçün kəndin yuxarı hissəsində su anbarının tikilməsini, ərazidə Azərbaycan Beynəlxalq Bankın bankomatının qoyulmasını, Baş Layısqı kəndi ilə Cunud kəndini birləşdirən yolun əsaslı təmir olunmasını və sairə məsələləri xahiş ediblər.
Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.







