Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Baş Zəyzid kəndinin sakinləri ilə görüşüb
May ayının 7-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Baş Zəyzid kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, aparatın məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək bildirib ki, bu cür görüşlər vətəndaş məmnunluğunun artırılması və dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Sonra rayon ərazisində aparılan abadlıq-quruculuq işləri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və qarşıda duran vəzifələr barədə məlumat verilib.
Kənd sakinləri Məhyəddinov Sahib, Abdullayev Abdulla, İbadov Nazim və başqaları çıxış edərək kəndin mərkəzi yolunun kənarında avtobus dayanacaqlarının quraşdırılmasını, təsərrüfat yollarının təmirinə köməklik göstərilməsini, kəndin ərazisində yol hərəkətinin təhlükəsizliyinin artırılması məqsədilə nişanlanma işlərinin aparılmasını, kəndin ərazisində olan 3 ədəd işləməyən subartezian quyusunun işlək vəziyyətə gətirilməsini və sairə məsələləri xahiş ediblər.
Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.







