Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Bolludərə kəndinin sakinləri ilə görüşüb
Aprel ayının 14-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Bolludərə kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, aparatın məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək bildirib ki, bu cür görüşlər vətəndaş məmnunluğunun artırılması və dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Sonra rayon ərazisində aparılan abadlıq-quruculuq işləri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və qarşıda duran vəzifələr barədə məlumat verilib.
Kənd sakinləri Alməmmədov Rafiq Məhərrəmov Həzi, Həsənov Zəfər və başqaları çıxış edərək kəndə təbii qazın verilməsini, kənd uşaq bağçasının və tibb məntəqəsinin əsaslı təmir olunmasını, həyətlərə içməli su xətlərinin çəkilməsinə köməklik göstərilməsini və sairə məsələləri xahiş ediblər.
Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.







