Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Cəfərabad kəndinin sakinləri ilə görüşüb.
Noyabrın 20-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Cəfərabad kəndində səyyar qəbul keçirib.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Yeni Azərbaycan Partiyasının 33 il ərzində keçdiyi şərəfli yoldan bəhs edib. Bildirib ki, 44 günlük Vətən Müharibəsində əldə olunmuş tarixi Zəfər bütün sahələrdə yeniliklərə yol açıb, Yeni Azərbaycan Partiyası qarşısında da yeni vəzifələr qoyub. Sonra icra başçısı ölkədə və dünyada ictimai-siyasi sahədə baş verən mühüm hadisələrdən, rayonda son dövrlər görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb.
Sonra kənd sakinləri Əmrahov Akif, Çələbiyev Saleh, Qurbanəliyev Aslan və başqaları çıxış edərək kənd uşaq bağçasının əsaslı təmir olunmasını, kənd tam orta məktəbinin odunla təmin olunmasını, sahibsiz itlərin zərərsizləşdirilməsinə köməklik göstərilməsini və sairə məsələləri xahiş ediblər.
Qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.
Görüşdə qəhvəyi mərmər bağacığının bitkilərə vurduğu ziyan, onunla mübarizə tədbirləri barədə məlumat və müvafiq tövsiyələr verilmişdir.







