Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Cəyirli kəndinin sakinləri ilə görüşüb
Fevralın 15-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Cəyirli kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək ölkəmizdə fevralın 7-də keçirilən növbədənkənar Prezident seçkilərinin yekunlarından danışıb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin 14 fevral tarixində Milli Məclisdə andiçmə mərasimində söylədiyi nitq zamanı açıqladığı əsas vəzifə və hədəfləri görüş iştirakçılarının nəzərinə çatdırıb.
Sonra kənd sakinləri Məmmədova Hüsniyə, Quliyev Vüsal, Qarayev Vaqif və başqaları çıxış edərək Cəyirli kənd həkim məntəqəsinin əsaslı təmiri, kəndarası yolların təmir olunması, yeni yaşayış massivinə içməli suyun verilməsi və sair məsələləri xahiş ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.
Görüş zamanı narkomaniyanın və erkən nikahın yaratdığı fəsadlar, onların qarşısının alınması sahəsində həyata keçirilən profilaktik tədbirlər haqqında məlumat verilmiş, vətəndaşlar tərəfindən onlara məxsus yaşayış evlərinin sığortalanmasının vacibliyi qeyd olunmuşdur.