Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov İƏT Mədəniyyət Festivalının açılış mərasimində iştirak edib

09 dekabr 2025 | 09:49

Heydər Əliyev Fondunun tərəfdaşlığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) təşkilatçılığı ilə Bakıda “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”in açılış mərasimi keçirilib.

Açılış mərasimində İslam dünyasının mədəni irsinə həsr olunan xüsusi videoçarx nümayiş etdirilib.

Açılış nitqi ilə çıxış edən mədəniyyət naziri Adil Kərimli qeyd edib ki, İslam Mədəniyyəti Festivalının Bakıda keçirilməsi bütün İslam dünyasından yaradıcı sənaye nümayəndələri üçün dialoq, tərəfdaşlıq və yeni ideyalar platforması rolunu oynayacaq. Həmçinin 40-dan çox ölkədən 300-dən artıq beynəlxalq iştirakçının, həmçinin 5 mindən çox ziyarətçinin gözlənildiyi bu tədbir yaradıcı sənaye sahəsində fəaliyyət göstərən bütün iştirakçıların əlaqələrinin genişlənməsinə və inkişafına mühüm töhfə verəcək, eyni zamanda, ziyarətçilərə müxtəlif kreativ və innovativ həllər təqdim edəcək.

“Bu səbəbdən tədbirin uğurla həyata keçirilməsi üçün bütün zəruri şəraitin yaradılmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. Habelə, Heydər Əliyev Fonduna, xüsusilə də Azərbaycanın birinci xanımı və Fondun prezidenti Mehriban Əliyevaya milli və qlobal miqyaslı mədəni layihələrə daim göstərdiyi dəstəyə görə təşəkkürümüzü çatdırmaq istəyirik. Çünki bu tədbirə ev sahibliyi etmək və bu qədər geniş və rəngarəng yaradıcı insanların burada iştirakını təmin etmək bizim üçün böyük şərəf və qürurdur”, - deyə nazir vurğulayıb.

İƏT-in Baş katibinin müavini və Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tarig Ali Bakhit Prezident İlham Əliyevin İslam həmrəyliyinin möhkəmləndirilməsi yolunda göstərdiyi sarsılmaz dəstəyə görə təşəkkürünü bildirib: “Məhz bu möhkəm iradə və strateji yanaşma İslam dünyasında əməkdaşlığımızın yeni mərhələyə keçməsinə ciddi töhfə verir.

Pakistan İslam Respublikasının federal milli irs və mədəniyyət naziri Aurangzeb Khan Khichi qeyd edib ki, Pakistan, İslam həmrəyliyinin güclənməsinə və ortaq mədəni dəyərlərimizin təşviqinə xidmət edən bu kimi təşəbbüslərdə hər zaman fəal iştirak etməyə hazırdır. “Biz bu platformanı, sadəcə, festival deyil, İslam dünyasında mədəni yaxınlaşma, yaradıcılıq mübadiləsi və strateji əməkdaşlıq üçün mühüm imkan kimi görürük. Bu tədbir bir daha nümayiş etdirir ki, ortaq tariximiz, mədəni köklərimiz və dini birliyimiz bizləri təkcə simvolik deyil, real tərəfdaşlıq ruhu ilə birləşdirir. Bu birliyin davamlı möhkəmlənməsi üçün Pakistan olaraq bütün səviyyələrdə əməkdaşlığa sadiq olduğumuzu xüsusi vurğulamaq istəyirik.

Misir Ərəb Respublikasının mədəniyyət naziri Ahmed Fouad Hanno qeyd edib ki, Azərbaycan bu gün təkcə mədəni irsin qorunmasında deyil, eyni zamanda, İslam dünyasının yaradıcılıq və mədəni əməkdaşlıq mərkəzi kimi nümunəvi rol oynayır. Biz Misir Ərəb Respublikası olaraq, bu təşəbbüsün regionumuzda mədəni dialoqun genişlənməsinə, tarixi əlaqələrimizin möhkəmlənməsinə və ortaq mənəvi dəyərlərimizin dünyaya tanıdılmasına xidmət etdiyinə inanırıq. Əminik ki, festival İslam dünyasının mədəni gücünü, yaradıcı potensialını və müasir mədəniyyət siyasətini birlikdə dünyaya nümayiş etdirməyə imkan yaradacaq.

Liviya Dövlətinin mədəniyyət və koqnitiv inkişaf naziri Mabrouka Toghi Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirib: “Bu addımlar yalnız regional deyil, qlobal mədəni əməkdaşlığın inkişafına xidmət edir”.

Fələstin Dövlətinin mədəniyyət naziri İmadeddin Abdullah Salim Hamdan vurğulayıb ki, İƏT Mədəniyyət Festivalı yalnız mədəniyyət nümayişi deyil, həm də ortaq kimliyimizin, tarixi birliyimizin və ruhani dəyərlərimizin dünya səhnəsində təcəssümüdür. İslam dünyasının mədəni irsi, milyonlarla insanın yaddaşını, tarixi varlığını və mədəni sabitliyini daşıyan müqəddəs bir mirasdır.

Türkiyə Respublikasının mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan qeyd edib ki, ölkəsi mədəniyyət sahəsində ortaq təşəbbüslərin genişləndirilməsinə, gənclərin yaradıcı mühitə cəlb edilməsinə, İslam mədəniyyətinin innovativ və müasir təqdimat formatlarının inkişafına hər zaman dəstək verməyə hazırdır. Bu istiqamətdə İƏT çərçivəsində atılan addımlar, mədəni platformaların genişlənməsi və yaradıcı sənayelərin inkişafı bizim üçün strateji əhəmiyyət daşıyır.

“İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə-2025”in rəsmi açılış mərasimindən sonra Mövlanə Cəlaləddin Ruminin “Zaman dairəsindən çıx – Sevgi dairəsinə daxil ol” kəlamı üzərində qurulan konseptual vizual kompozisiya nümayiş etdirilib. Layihənin illüstrativ hissəsi rəssam Leyla Əliyevanın əsərləri əsasında təqdim edilib. Vizual konsepsiyanın müəllifi Əməkdar artist, “Atesh Hub”ın təsisçisi Səbinə Şıxlinskaya, musiqi tərtibatçısı isə Orxan Ağayevdir (DJ Pancho).

Bədii proqramın növbəti hissəsində İbrahim Babayev, Pərviz Məmmədov və Vəfadar Ramizin müşayiəti ilə Azərbaycan milli rəqsi “Yaylıq” təqdim edilib.

Mərasimin son bədii təqdimatı Azərbaycan bəstəkarı Kübra Kərimlinin “Şuşa” kompozisiyası olub. Musiqi əsərini balaban ifaçısı Fəqan Ələsgərlinin müşayiəti ilə müğənni Aysel Məmmədova səsləndirib.

Daha sonra təşkilatçılar və rəsmi qonaqlar sərgi stendlərini ziyarət ediblər.

Qeyd edək ki, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov İƏT Mədəniyyət Festivalının açılış mərasimində iştirak edib.

Festival dekabrın 11-dək davam edəcək.

 

Keçidlər