Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Orta Zəyzid kəndində səyyar qəbul keçirib
Sentyabrın 3-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Orta Zəyzid kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının birinci müavini Elman İmamverdiyev, başçının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Xəyalə Töhrablı, Şəki Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, şəhid ailələrinin üzvləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək rayon ərazisində aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri haqqında kənd sakinlərinə məlumat verib.
Sonra ötən müddət ərzində kəndin ərazisində görülmüş işlər barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.
Kənd sakinləri Yusibov Niymət, Məmmədov Eldar, Salmanov Həsən və başqaları çıxış edərək kənddaxili yolların əsaslı təmir olunmasını, təsərrüfat yollarının kənarlarının təmizlənməsini, kəndin ərazisindəki sahibsiz itlərin zərərsizləşdirilməsini və sair məsələləri xahiş ediblər.
Səyyar qəbulda qaldırılmış məsələlərin bir hissəsi ilə bağlı sakinlərə müvafiq izahatlar, digər məsələlərlə bağlı aidiyyəti şəxslərə lazımi tapşırıqlar verilib.







