Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Orta Zəyzid kəndinin sakinləri ilə görüşüb
Mayın 4-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonun Orta Zəyzid kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Prezident İlham Əliyevin “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışından bəzi məqamları görüş iştirakçılarının nəzərinə çatdırıb. İcra başçısı Qərbi Azərbaycanla bağlı tarixi məlumatların dünyaya çatdırılması istiqamətində ölkəmizdə ardıcıl tədbirlərin həyata keçirildiyini, Qərbi Azərbaycan İcmasının və Qərbi Azərbaycan TV-nin sosial şəbəkə hesablarının izlənilməsinin, paylaşımların bəyənilməsinin böyük əhəmiyyət daşıdığını bildirib, sakinlərdən bu məsələ ilə bağlı səfərbər olmalarını xahiş edib.
Sonra kənd sakinləri Mustafayeva Limon, Yusibov Niymət, Əlihüseyinova Şəfəq və başqaları çıxış edərək kəndin mərkəzi yolunun asfalt örtüyünün yenilənməsinə köməklik göstərilməsini, kəndin kənarından keçən dağ çayının ətrafına beton bəndin salınmasını, Orta Zəyzid kənd 1 №-li tam orta məktəbin qarşısından keçən küçədə yol nişanlarının qoyulmasına köməklik göstərilməsini və sair məsələləri xahiş ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.
Görüş zamanı narkomaniyanın və erkən nikahın yaratdığı fəsadlar, onların qarşısının alınması sahəsində həyata keçirilən profilaktik tədbirlər haqqında məlumat verilmiş, vətəndaşlar tərəfindən onlara məxsus yaşayış evlərinin sığortalanmasının vacibliyi qeyd olunmuşdur.