Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Vərəzət kəndinin sakinləri ilə görüşüb
Noyabrın 2-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Vərəzət kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək son dövrlər ictimai-siyasi sahədə baş vermiş mühüm hadisələrdən danışıb, cari ilin 26 oktyabr tarixində keçirilən Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində Prezident İlham Əliyevin çıxışından bəzi mesajları görüş iştirakçılarının nəzərinə çatdırıb.
Sonra kənd sakinləri Yəhyəyev Fazil, Həsənov Araz və başqaları çıxış edərək kəndin mərkəzindən keçən çayın ətarafındakı evlərin seldən mühafizəsi məqsədilə beton bəndin çəkilməsi,Vərəzət kəndində uşaq bağçasının tikilməsi, kənd məktəbinin arxasındakı yola düşən sel suyunun çaya yönəldilməsi və sair məsələləri xahiş ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirmişdir.