Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Fazıl kəndində səyyar qəbul keçirib
Noyabrın 3-də Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Fazıl kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kənd sakinlərini salamlayan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək onlara Prezident cənab İlham Əliyevin oktyabr ayının 31-də Soçi şəhərində səfərdə olarkən keçirdiyi görüşlər və imzalanmış bəyanatla bağlı fikirlərini çatdırıb. Sonra icra başçısı rayonda son dövrlərdə görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib.
Kənd sakinləri Abid Qarayev, Sabir Qocayev, Möhübbət Əzizov və başqaları çıxış edərək kənd əhalisinin içməli su ilə təminatının yaxşılaşdırılmasına, internet xəttinin çəkilməsinə, ödəniş aparatının qoyulmasına köməklik göstərilməsi və sair məsələləri xahiş ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.