Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Qudula kəndinin sakinləri ilə görüşüb
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov iyunun 2-də Qudula kəndinin sakinləri ilə görüşüb.
Səyyar qəbulda başçının müavinləri, aparatın şöbə müdirləri, idarə və müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü yolunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kənd sakinlərini salamlayan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov mayın 26-29-da Bakıda ilk dəfə “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalının keçirildiyini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın “TEKNOFEST - də iştirak etdiklərini bildirib, bu tədbirdə Prezidentlərin çıxışından önəmli mesajları sakinlərə çatdırıb.
Sonra icra başçısı son müddət rayonda görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat vermiş, baramaçılığın inkişafında mütərəqqi üsüllardan istifadə edilməsinin vacibliyi, qabaqcıl barama istehsalçılarının təcrübəsi və nailiyyətləri barədə ətraflı söhbətlər aparmış, gənc kümdarların yetişdirilməsinin vacibliyini ön plana çəkmişdir. Qudula kəndindən qabaqcıl baramaçı Məmmədov Vaqif Nəsif oğlunun nailiyyətləri və iş təcrübəsi xüsusi vurğulanmışdır.
Kənd sakinləri Ələddin İsmayılov, İlham Əzizov, Nüsrət Tapdıqov çıxış edərək Qudula kəndinin suvarılma suyuna olan ehtiyacının ödənilməsi, Qudula kəndinin mərkəzindən keçən çayın üzərindəki dağılmış körpünün bərpa olunması, kənddə bir ədəd artezian quyusunun qazılması və sair məsələləri xahiş ediblər.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qaldırılmış məsələlərlə bağlı tapşırıq verib və tövsiyələrini bildirib.