Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Vətən Müharibəsi qaziləri və veteranları ilə görüşüb
İyulun 15-də “Yuxarı Karvansaray” mehmanxana kompleksində Şəki Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən Vətən Müharibəsi qaziləri və veteranları ilə görüş keçirilib.
Çay süfrəsi ətrafında keçirilən görüşdə, həmçinin, şəhər icra hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Şəki Şəhər İcra Hakimiyyəti başçısı Elxan Usubov çıxış edərək 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında böyük uğura imza atdığını, işğal altında olan torpaqlarımızın yağı düşməndən azad edildiyini diqqətə çatdırıb, Qələbənin şəhidlərimizin canı, qazilərimizin qanı bahasına qazanıldığını söyləyib. İcra başçısı müharibə əlillərinin və şəhid ailələrinin sosial müdafiəsinin və onların rifahının yaxşılaşdırılmasının dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu, Şəkidə də şəhid ailələrinin, müharibə veteranlarının, qazilərin daim diqqət və qayğı ilə əhatə olunduğunu, onların qaldırdıqları məsələlərin həllinə həssaslıqla yanaşıldığını bildirib.
Görüşdə çıxış edən Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Şəki filialının sədri Məmmədnuru Əzizov şəhid ailələrinə, müharibə əlillərinə göstərilən dövlət qayğısından, onların sosial müdafiəsinin təmin olunması istiqamətində görülən işlərdən danışıb, Şəki şəhərində bu kateqoriyadan olan insanlara səmimi və qayğıkeş münasibət bəsləndiyini bildirib.
"Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İB Şəki şöbəsinin sədri Gülnarə Mustafayeva Şəkidə şəhid anaları ilə apardığı işlərdən danışıb, qazilərə tövsiyələrini bildirib, onlara göstərilən göstərilən hərtərəfli qayğıya görə şəhər rəhbərliyinə minnətdarlıq edib.
Görüşdə iştirak edən Vətən Müharibəsi qaziləri və veteranları göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər, bəzi qazilər öz problemlərini səsləndiriblər.
Görüşdə qaldırılan bir sıra məsələlərə aydınlıq gətirilib, bəzi məsələlərin həlli ilə bağlı tapşırıqlar verilib, bu cür görüşlərin keçirilməsinin müharibə veteranlarının, qazilərin problemlərinin operativ həlli baxımından vacib olduğu qeyd olunub və mütəmadi təşkil olunması qərara alınıb.