Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid ailələri üçün bayram süfrəsi təşkil olunub

07 mart 2024 | 17:51

    Martın 7-də Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 mart - Beynəlxalq Qadınlar Günü və qarşıdan gələn Novruz bayramı münasibətilə şəhid ailələri üçün bayram süfrəsi təşkil olunub.

“Ağ Qaya” restoranında təşkil olunan bayram süfrəsi ətrafında toplaşanlar əvvəlcə şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra Prezident cənab İlham Əliyevin 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə  Azərbaycan qadınlarına təbrik məktubu oxunub.

Şəhid analarını qarşıdan gələn bayramlar münasibətilə təbrik edən Şəki Şəhər  İcra Hakimiyyətinin başçısı Elxan Usubov bildirib ki, zəriflik və gözəllik rəmzi olan qadın, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. Azərbaycan qadını yurdumuzun hər qarışını canından əziz tutan bir nəsil yetişdirmişdir. Həmin rəşadətli nəsildir ki, ümidləri doğruldaraq uzun həsrətdən sonra Qarabağın Ana Vətənə qovuşmasında, ədalətin bərpa edilməsində və xalqımıza Zəfər sevincinin yaşadılmasında müstəsna payı vardır. Şəhid anaları gözümüzün nurudur. Onların övladları bu vətən bu torpaq uğrunda canlarından keçib.

     Vurğulanıb ki, bu gün ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı yüksək səviyyədədir. Şəki şəhərində də bu kateqoriyadan olan insanlar daim diqqət mərkəzində saxlanılır, onlara hərtərəfli dəstək göstərilir, problemlərinin həlli üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.

    Sonra şəhid anaları çıxış edərək onlara göstərilən  diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

   Bayram tədbiri maraqlı musiqi proqramı ilə davam edib.

Keçidlər