Şəki şəhəri Özbəkistanın Kokand şəhəri ilə qardaşlaşıb
Xəbər verdiyimiz kimi, cari ilin fevral ayının 23-24-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forum keçirilmişdir.
Həmin tarixdə Özbəkistanda səfərdə olan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumda iştirak etmiş və çıxış etmişdir.
Forum çərçivəsində tərəflər arasında bir sıra sənədlər, cümlədən Özbəkistanın Kokand şəhəri ilə Şəki şəhəri arasında qardaşlaşma haqqında sənəd imzalanmışdır. Sənədi Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və Kokand şəhərinin hokimi Maruf Usmanov imzalamışlar.
Sənəddə iki şəhər arasında mədəniyyət, humanitar, elm, incəsənət, təhsil, sosial-iqtisadi və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi nəzərdə tutulur.
Bununla da Şəki şəhəri ilə qardaşlaşmış şəhərlərin sayı 13-ə çatmışdır.