Şəki şəhərində 2 iyul - Azərbaycan Polisi Günü qeyd edilib
İyulun 2-də Azərbaycan Polisi Günü və Azərbaycan Polisinin yaranmasının 104-cü ildönümünü münasibətilə Şəki şəhərində tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Şəki şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılan Ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri düzüb, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.
Şəki Şəhər-Rayon Polis Şöbəsində keçirilən tədbiri giriş sözü ilə açan Şəki şəhər-rayon polis şöbəsinin rəisi, polis polkovniki Azər Muradov polis işçilərini peşə bayramı münasibətilə təbrik edib, Azərbaycan polisinin keçdiyi yoldan bəhs edib, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun şəxsi heyətə ünvanladığı təbrik məktubunu oxuyub.
Sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək polis işçilərini əlamətdar gün münasibətilə təbrik edib, müstəqil dövlətçiliyimizin qorunmasında, ölkədə sabitliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə Azərbaycan polisinin müstəsna xidmətləri olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Şəki rayon prokuroru Mehman Xankişiyev, Şəki rayon məhkəməsinin sədri Ceyhun Əhmədov, ehtiyatda olan polis zabiti, müharibə veteranı Vaqif Əhmədov polis işçilərini peşə bayramı münasibətilə təbrik ediblər, dövlətin hüquq-mühafizə orqanları işçilərinə göstərdiyi diqqət və qayğıdan söz açıblar.
Tədbirdə işində fərqlənən bir qrup polis əməkdaşına Şəki Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.
Tədbir Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının əsgər marşının sədaları altında təntənəli keçidi ilə başa çatıb.