Şəki şəhərində abadlıq-quruculuq işləri davam edir
Prezident cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı sayəsində Şəki şəhərində davamlı olaraq infrastruktur və sosial layihələr icra edilir, abadlıq-quruculuq işləri aparılır.
Həyata keçirilən tədbirlər çərçivəsində “Bakı Abadlıq Xidməti” MMC tərəfindən bir müddət əvvəl şəhərimizin 79 küçəsində müasir işıqlandırma sistemi quraşdırılmışdır. Hazırda həmin qurum tərəfindən şəhərin 10-a yaxın küçə və prospektində, həmçinin Bəxtiyar Vahabzadə və Məhəmməd Füzuli adına mədəniyyət və istirahət parklarında əsaslı şəkildə yenidənqurma işləri aparılır. Yaxın müddətdə Mirzə Fətəli Axundzadə adına parkda da yenidənqurma işlərinə başlanılması nəzərdə tutulur.
Görüləcək işlər nəticəsində qədim şəhərimizin simasına yenilik gələcək, sakinlərin rahat istirahəti təmin ediləcək və Şəki turistlər üçün daha cəlbedici bir məkana çevriləcəkdir.







